BAKI, 16 iyul. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı problemi yalnız hərbi üsullarla aradan qaldırmaq mümkün deyil.

Teleqraf xəbər verir ki, o, bu barədə amerikalı komediyaçı və aparıcı Co Roqanın podkastında danışıb.

Vens qeyd edib ki, vəziyyətin həlli üçün mövcud bütün vasitələrdən istifadə olunmalıdır:

"Hərbi qüvvələr bir vasitədir, diplomatiya isə başqa vasitədir. ABŞ-də və digər ölkələrdə İranla danışıqlar aparılmasına qarşı çıxan insanlardan məyus oluram. Bəs onların alternativ təklifi nədir? Hörmüz boğazında gəmilərə atəş açılmasının qarşısını necə almaq olar?"

ABŞ rəsmisi bildirib ki, hərbi əməliyyatlar müəyyən nəticələr versə də, problemin köklü həlli üçün dialoq vacibdir.

"Onların radarlarını məhv etmək, bəzi pilotsuz uçuş aparatlarını və raketləri vurmaq mümkündür. Ancaq gəmilərə zərbə endirmək çox asandır. Buna görə də dialoqa hazır olmaq və problemi siyasi-diplomatik yollarla həll etməyə çalışmaq lazımdır", - deyə Vens vurğulayıb.