BAKI, 16 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin başa çatmasından sonra dünya bazarında neftin qiymətinin bir barel üçün 55 dollara qədər enə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Pensilvaniya ştatında müdafiə sənayesində innovasiyalara həsr olunmuş konfransda çıxışı zamanı danışıb.
ABŞ lideri qeyd edib ki, İran ətrafında yaranmış vəziyyət səbəbindən bəzi ekspertlər neftin qiymətinin kəskin bahalaşacağını proqnozlaşdırırdılar.
"Bir çoxları neftin qiymətinin 350 dollara qədər yüksələcəyindən ehtiyatlanırdı. Amma hazırda bir barel neft 79 dollardır. Bir neçə gün əvvəl isə bu göstərici 68 dollar idi. Sərt addımlar atdığımız üçün qiymətlər bir qədər artıb", - deyə Tramp bildirib.
Onun sözlərinə görə, vəziyyət sabitləşdikdən sonra neft bazarında qiymətlər yenidən aşağı düşə bilər.
"Düşünürəm ki, hər şey sakitləşəndən sonra neftin qiyməti 55 dollar olacaq", - ABŞ Prezidenti vurğulayıb.
Tramp çıxışı zamanı həmçinin İranın yaxın vaxtlarda məğlubiyyətə uğrayacağına inandığını da ifadə edib.