BAKI, 16 iyul. TELEQRAF
Argentina millisinin futbolçuları dünya çempionatının yarımfinalında İngiltərə üzərində qələbəni Malvin adaları ilə bağlı bannerlə qeyd ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Futbolçuların nümayiş etdirdiyi bannerdə "Malvin adaları Argentinanındır" ifadəsi yer alıb.
Qeyd edək ki, Argentina və Böyük Britaniya arasında Folklend (Argentina tərəfindən Malvin adaları adlandırılır) adaları ilə bağlı uzun illərdir ərazi mübahisəsi davam edir. Buenos-Ayres bu ərazilərin İspaniyadan müstəqillik əldə etdikdən sonra özünə məxsus olduğunu iddia edir və 1833-cü ildə Britaniyanın adalar üzərində nəzarət qurmasını işğal aktı kimi qiymətləndirir.
Məsələ dəfələrlə BMT səviyyəsində müzakirə olunub. 1982-ci ildə isə tərəflər arasında müharibə baş verib və münaqişə Böyük Britaniyanın qələbəsi ilə yekunlaşıb. Buna baxmayaraq, Argentina adalar üzərində suverenlik iddiasını davam etdirir.
Xatırladaq ki, Argentina millisi dünya çempionatının finalında İspaniya yığması ilə qarşılaşacaq. Oyun iyulun 19-da ABŞ-də keçiriləcək.