BAKI, 13 iyul. TELEQRAF

Ukrayna müttəfiqlərindən "Patriot" hava hücumundan müdafiə sistemləri üçün 300 raket almaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "könüllülər koalisiyası"nın iclasında bildirib .

Dövlət başçısı qışa hazırlıqlara indidən başlanmalı olduğunu deyib: "Ukrayna Rusiyanın danışıqlara başlaması üçün bütün səylərini göstərir. Bu yay artıq Rusiya üçün ən çətin yay olub. Uzaq mənzilli əməliyyatlarımız və orta mənzilli zərbələrimiz davam edəcək. Biz hücumları gücləndirəcəyik. Ukrayna və Avropanın mövqelərini gücləndirməyin əsas yollarından biri hava hücumundan müdafiə üçün qış raket paketidir. Əgər Ukrayna müdafiəçilərinin düşmən hədəflərini vurmaq üçün kifayət qədər raketi varsa, Rusiyanın müharibəni qışa qədər uzatmaq üçün daha az səbəbi olacaq. Hesablamışıq ki, bu paketə ayda 100 raket, qış üçün isə 300 raket daxil olmalıdır. Xahiş edirəm bunu nəzərə alasınız".