BAKI, 29 iyun. TELEQRAF

Fransada ilk Ebola virusuna yoluxma halı təsdiqlənib.

Teleqraf xəbər verir ki, Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxan şəxs Konqo Demokratik Respublikasında Ebola epidemiyasından zərər çəkmiş bölgədə humanitar missiyada iştirak edən həkimdir.

Bildirilib ki, həkim Fransaya qayıtdıqdan sonra xüsusi tibb müəssisəsinə yerləşdirilib və hazırda vəziyyəti stabildir.

Nazirliyin açıqlamasında qeyd olunub ki, ölkəyə daxil olduqdan dərhal sonra bütün təhlükəsizlik tədbirləri görülüb, xəstə təcrid olunub və yoluxma riskinin qarşısını almaq üçün xüsusi şəraitdə xəstəxanaya köçürülüb.

Fransa hakimiyyəti həkimlə təmasda olmuş şəxslərin müəyyənləşdirilməsi və izlənilməsi prosesinə başlayıb. Təmasda olan şəxslər 21 gün müddətində ev şəraitində təcrid olunacaqlar.

Nazirlik Avropa əhalisi üçün yoluxma riskinin çox aşağı olduğunu vurğulayıb.