BAKI, 28 avqust. TELEQRAF

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İmişli rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Zabrat qəsəbəsi Fərman Salmanov küçəsində, Nizami rayonu Elşən Süleymanov küçəsi 135 ünvanında, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Samir Cəfərov küçəsində, İmişli rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 49 400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.