BAKI, 28 avqust. TELEQRAF

Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust – Zəfər bayramı münasibətilə tədbir keçirilib.

Teleqraf xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik mesajını oxuyub.

Təbrik məktubunda bildirilib ki, böyük Zəfərin 104-cü ildönümünü qürurla qeyd olunur: "Şanlı millətimizin, Kipr türk xalqının və dünyanın müxtəlif ölkələrində yaşayan vətəndaşlarımızın 30 Avqust Zəfər bayramını təbrik edirəm. 30 Avqust Zəfəri ilə min ildən bəri üzərində azad yaşadığımız torpaqların əzəli və əbədi vətənimiz olduğu bir daha təsdiqlənib.

Cümhuriyyətimizin qurulmasına gedən yolu açan böyük Zəfər millətimizin əsarəti heç vaxt qəbul etməyəcəyini bütün dünyaya bəyan etməklə yanaşı, coğrafiyamıza yönəlmiş imperialist mühasirənin də yarılmasına səbəb olub. 104 il əvvəl bütün mümkünsüzlüklərə baxmayaraq millət olaraq nümayiş etdirdiyimiz əzm, cəsarət və qətiyyət bu gün də ən güclü motivasiya mənbəyimizdir.

Böyük zəfərin baş komandanı qazi Mustafa Kamal Atatürkü və silahdaşlarını minnətdarlıqla yad edir, istiqlalımızın əbədi mühafizəçiləri hesab etdiyimiz şəhidlərimizə uca Allahdan rəhmət diləyir, qazilərimizi minnətdarlıqla anıram".

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə çıxışında avqust ayının Türkiyə xalqı üçün əlamətdar olduğunu söyləyib.

Onun sözlərinə görə, qazi Mustafa Kamalın baş komandanlığı ilə avqustun 26-da başlanan və planlaşdırılmasından icrasınadək strateji dühanın məhsulu olan böyük hücum nəticəsində qəhrəman ordu 30 avqust 1922-ci ildə Dumlupınarda düşmənlə qarşılaşıb və misilsiz zəfərin ardınca Vətən torpaqları işğaldan sürətlə azad edilib: "Beləliklə, müasir Türkiyə Cümhuriyyətinin qurulmasına gedən yol açılıb".

Səfir bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, Türkiyə hər zaman sülh və sabitliyin tərəfdarıdır: "Bu səbəbdən, başda BMT olmaqla, bütün beynəlxalq platformalarda Türkiyə üzərinə düşən vasitəçilik və xoşməramlı elçilik missiyasını dünən olduğu kimi, sabah da davam etdirəcək".

Qeyd edək ki, tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, hərbçilər, media və ictimaiyyət nümayəndələri, eləcə də bir sıra ictimai-siyasi şəxslər iştirak ediblər.