BAKI, 29 iyun. TELEQRAF

ABŞ-də müvəqqəti qorunan status əsasında yaşayan miqrantlar daimi yaşayış icazəsi almağa çalışmalı və ya ölkəni tərk etməlidirlər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mullin CNN telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, müvəqqəti status daimi yaşamaq hüququ vermir:

“Ya daimi status almaq üçün sənədlərinizi hazırlayın, ya da biz sizə öz ölkənizə qayıtmaqda kömək edəcəyik. Hətta təyyarə bileti və yenidən məskunlaşmaq üçün təxminən 2100 dollar vəsait də təqdim edəcəyik”, - o deyib.

Mullinin açıqlaması ABŞ Ali Məhkəməsinin ötən həftə Donald Tramp administrasiyasına yüz minlərlə Haiti və Suriya vətəndaşının müvəqqəti qorunan statusunu ləğv etməyə icazə verən qərarından sonra səsləndirilib.

ABŞ qanunvericiliyinə əsasən, müharibə, təbii fəlakət və ya digər fövqəladə şəraitdən qaçan şəxslərə müvəqqəti yaşayış statusu verilə bilər.

ABŞ Haiti vətəndaşlarına ilk dəfə 2010-cu ildə baş verən dağıdıcı zəlzələdən sonra, Suriya vətəndaşlarına isə 2012-ci ildə ölkədə vətəndaş müharibəsi başladıqdan sonra bu statusu təqdim etmişdi.

Bununla belə, kütləvi deportasiya planları ABŞ-da mübahisələrə səbəb olub. Ohayo ştatının qubernatoru Mayk DəUayn bildirib ki, Haitiyə qayıdış hazırda təhlükəsiz deyil və bu insanların ölkədən çıxarılması ştatın iqtisadiyyatına, xüsusilə səhiyyə sektoruna ciddi zərbə vura bilər.

“Çox vaxt sizin Alzheimer xəstəsi olan valideyninizə və ya qocalar evindəki yaxınlarınıza qulluq edənlər məhz haitililərdir. Onların hamısını çıxarmaq öz maraqlarımıza uyğun deyil”, - deyə qubernator vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti hazırda həm Haiti, həm də Suriyaya səfərlərlə bağlı təhlükəsizlik xəbərdarlıqlarını qüvvədə saxlayır.