BAKI, 29 iyun. TELEQRAF

Böyük Britaniyada 7 mindən çox şəxs onların işi üzrə məhkum olunmuş şəxslərin vaxtından əvvəl azadlığa buraxıla biləcəyi barədə rəsmi məktub alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya Ədliyyə Nazirliyi bu addımı ölkə həbsxanalarında yaranmış sıxlıq problemi ilə izah edib.

Nəşrin yazdığına görə, vaxtından əvvəl azadlığa buraxılacaq məhkumların ilk dalğasının sentyabrın 2-də sərbəst buraxılması planlaşdırılır.

İlk mərhələdə bir il yarımdan az müddətə azadlıqdan məhrum edilmiş şəxslər azad ediləcək. 2027-ci ilin iyun ayından etibarən proqramın 12 ildən artıq həbs cəzası alan məhkumlara da şamil olunacağı bildirilir.

Ədliyyə Nazirliyi eyni zamanda qeyd edib ki, vəziyyətin tənzimlənməsi üçün ölkədə 14 min yeni həbsxana yerinin yaradılması istiqamətində iş aparılır. Bundan əlavə, vaxtından əvvəl azad edilən şəxslərə nəzarət etmək üçün əlavə əməkdaşların işə cəlb olunması nəzərdə tutulur.