BAKI, 29 iyun. TELEQRAF
Venesuelada baş verən dağıdıcı zəlzələlərdən dörd gün sonra dağıntılar altında qalan ata və oğul sağ şəkildə xilas olunub.
Teleqraf xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, hadisə ən çox zərər çəkən La Quayra ştatında baş verib.
Xilasedicilər dağılan binanın qalıqları altında qalan şəxslərə çatmaq üçün 12 saat davam edən mürəkkəb əməliyyat həyata keçiriblər. Xüsusi axtarış kameraları və digər texniki vasitələrdən istifadə edən qruplar qeyri-sabit dağıntılar arasında ehtiyatla işləyərək ata və oğulu xilas etməyə nail olublar.
Gücdən düşmüş vəziyyətdə olan hər iki şəxs improvizə edilmiş xərəkdə təcili yardım avtomobilinə çatdırılıb.
Əməliyyatda iştirak edən Fransa Mülki Təhlükəsizlik Xidmətinin əməkdaşı bildirib ki, zərərçəkənlər dörd gün dağıntılar altında qaldıqları üçün olduqca zəifləyiblər.
"Onların vəziyyəti ağırdır. Buna görə çıxarılma prosesi zamanı maye və dərman preparatları ilə təmin olunurlar", - o qeyd edib.
Ərazidə fəaliyyət göstərən beynəlxalq xilasetmə qrupuna Fransa Mülki Təhlükəsizlik Xidmətinin əməkdaşları və ABŞ-ın Virciniya ştatından gələn Feyrfaks dairəsinin şəhər axtarış-xilasetmə qrupu daxildir. Həmin qrup bir gün əvvəl ana və onun doqquz aylıq körpəsini də dağıntılar altından sağ çıxarmışdı.
Rəsmi məlumatlara görə, həftəsonu ərzində azı 33 nəfər xilas edilib. Bununla belə, on minlərlə insanın taleyi hələ də naməlum olaraq qalır.
Mütəxəssislər bildirirlər ki, zəlzələdən sonra ilk 72 saat sağ qalanların tapılması üçün ən vacib dövrdür. Bu müddətdən sonra dağıntılar altında insanların sağ tapılması ehtimalı kəskin şəkildə azalır.
Qeyd edək ki, Venesuelada baş verən güclü zəlzələlər nəticəsində indiyədək azı 1450 nəfərin öldüyü açıqlanıb.