BAKI, 29 iyun. TELEQRAF
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir əl-Mişal milli komandanın 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından sonra vəzifəsindən istefa verib.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Yasir əl-Mişal bildirib ki, federasiya rəhbərliyi ölkə futbolunun inkişafı və azarkeşlərin gözləntilərinin doğruldulması üçün bütün səylərini göstərsə də, milli komandanın mundialın növbəti mərhələsinə yüksələ bilməməsi qəbulolunmaz nəticədir.
"Milli komandamızın dünya çempionatının növbəti mərhələsinə vəsiqə qazana bilməməsi hamımızın ambisiyalarına uyğun nəticə deyil. Buna görə tam məsuliyyəti üzərimə götürür və komandamızı daha yüksək pillələrdə görmək istəyən hər kəsdən üzr istəyirəm", - deyə o qeyd edib.
Federasiya rəhbəri hazırkı səlahiyyət müddətinin sonunadək vəzifədə qalmamaq qərarına gəldiyini və yeni idarə heyətinin seçilməsi üçün namizədlərin irəli sürülməsi prosesinin başlanacağını açıqlayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi dünya çempionatının qrup mərhələsində Uruqvayla 1:1, Kabo-Verde ilə 0:0 hesablı heç-heçə edib, İspaniyaya isə 0:4 hesabı ilə məğlub olaraq qrupda sonuncu yeri tutub.
Yasir əl-Mişal Səudiyyə Ərəbistanı Futbol Federasiyasına 2019-cu ildən rəhbərlik edirdi.