BAKI, 29 iyun. TELEQRAF
Venesuelada iyunun 25-də baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 1500 nəfərə yaxınlaşıb.
Teleqraf xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ölkənin ən çox zərər görən bölgəsi olan La Quayra ştatında axtarış-xilasetmə əməliyyatları davam edir. Xilasetmə qrupları dağıntılar altında sağ qalan insanları tapmaq üçün vaxtla yarışır.
Müvəqqəti prezident Delsi Rodriges bildirib ki, bazar günü də sağ şəxslər dağıntılar altından çıxarıldığı üçün əməliyyatlar dayandırılmayacaq.
“Xilasetmə işləri davam edir. Bu gün də sağ insanlar tapılıb və buna görə əməliyyatları dayandırmırıq. Ümidimizi itirmirik”, - o deyib.
Rəsmi məlumatlara əsasən, ölənlərin sayı 1450 nəfərə çatıb, 3150 nəfər yaralanıb, 12 721 nəfər evsiz qalıb. Zəlzələ nəticəsində 774 bina tamamilə dağılıb.
Müxalifətin təşviq etdiyi xüsusi internet platformasında isə təxminən 50 min nəfərin taleyinin hələ də naməlum olduğu göstərilir.
Xilasetmə qrupları bazar günü dörd gündür dağıntılar altında qalan ata və oğulu sağ çıxarmağa nail olub. Son günlər onlarla insan, o cümlədən uşaqlar dağıntılar altından xilas edilib.
İsveçrəli xilasedicilərin rəhbəri Sebastyan Oygster bildirib ki, zəlzələdən sonrakı ilk 72 saat sağ qalanların tapılması üçün ən kritik dövrdür və bu müddətdən sonra insanların sağ xilas edilmə ehtimalı kəskin azalır.
ABŞ Geoloji Xidməti zəlzələlərin gücünü 7,2 və 7,5 bal olaraq qiymətləndirib və qurbanların sayının 10 min nəfəri keçə biləcəyini ehtimal edib.
Bu arada ABŞ administrasiyası daha əvvəl ayrılmış 150 milyon dollarlıq yardıma əlavə olaraq yüz milyonlarla dollar həcmində yeni yardım paketinin elan olunacağını bildirib.
Qeyd edək ki, zəlzələlərdən sonra Venesuelanın ən böyük neft emalı müəssisəsi olan Amuay zavodu da elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyətini dayandırıb.