BAKI, 29 iyun. TELEQRAF

Macarıstanda iyunun 28-i üçün yeni temperatur rekordu qeydə alınıb.

Teleqraf xəbər verir ki, Macarıstanın meteorologiya xidməti “HungaroMet”in məlumatına görə, paytaxt Budapeştdə havanın temperaturu 40 dərəcə selsiyə çatıb. Qurum xatırladıb ki, ölkədə hava müşahidələri 1870-ci ildən aparılır.

Macarıstan hökuməti də rəsmi internet səhifəsində ölkə üzrə ən yüksək temperaturun 40 dərəcə, Budapeştdə isə eyni göstəricinin qeydə alındığını bildirib.

Bununla əvvəlki rekord yenilənib. İyunun 28-də ən yüksək temperatur göstəricisi indiyədək 1935-ci ildə ölkənin şərqində yerləşən Şerep yaşayış məntəqəsində qeydə alınan 39,9 dərəcə idi.

Baş nazir Peter Macar xəbərdarlıq edib ki, gələn həftənin əvvəlində temperaturun 42 dərəcəyə yüksəlməsi mümkündür. Bu halda Macarıstanın mütləq istilik rekordu da qırılacaq. Hazırkı rekord 2007-ci il iyulun 20-də ölkənin cənubundakı Kişkunhalaş şəhərində qeydə alınan 41,9 dərəcədir.

Son günlər orta sutkalıq temperaturun 29 dərəcəni keçməsi səbəbindən “HungaroMet” üçüncü dərəcəli hava təhlükəsi xəbərdarlığı elan edib.

Hökumət anomal istilərlə əlaqədar bir sıra fövqəladə tədbirlər həyata keçirib. Dövlət qurumları və şirkətlərə əməkdaşları iyunun 29-30-da məsafədən işlətmək tövsiyə olunub. İş yerində olması vacib olan əməkdaşlar üçün isə kondisioner və içməli su ilə təminat da daxil olmaqla xüsusi şərait yaradılıb.

Ölkə üzrə küçələrdə, dəmiryolu vağzallarında və avtovağzallarda insanlara pulsuz su paylanılır. Bələdiyyələr həftəsonu kondisionerli inzibati binaları əhalinin istifadəsinə açıq saxlayıblar. Kütləvi tədbirlərin və idman yarışlarının bir qismi isə qısaldılıb və ya başqa saatlara keçirilib.

İstiliklə əlaqədar təcili tibbi yardım çağırışlarının sayı adi günlərlə müqayisədə 8 faiz artıb. Bir neçə nəfər yüksək bədən temperaturu səbəbindən xəstəxanaya yerləşdirilsə də, ciddi hadisə qeydə alınmayıb.