BAKI, 29 iyun. TELEQRAF
Pakistanın təhlükəsizlik qüvvələri iyunun 28-də ölkənin şimal-qərbində yerləşən Khyber Pakhtunkhwa əyalətində, Əfqanıstanla sərhəd bölgəsində əməliyyat keçirərək 29 silahlını zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar “X” sosial şəbəkəsində məlumat verib.
Nazirin sözlərinə görə, kəşfiyyat məlumatları əsasında həyata keçirilən quru əməliyyatından sonra sərhədyanı ərazilərdə terrorçuların sığınacaqları və düşərgələrinə dəqiq zərbələr endirilib. Nəticədə “Camaat əl-Əhrar” və “Fitnə əl-Xəvaric” qruplaşmalarına məxsus olduğu bildirilən obyektlər məhv edilib.
Əməliyyat zamanı üç hədəfin vurulduğu, həmçinin silah və sursat anbarlarının dağıdıldığı qeyd olunub.
Attaullah Tarar vurğulayıb ki, ölkənin təhlükəsizliyinə yönələn və xaricdən dəstəkləndiyi iddia olunan təhdidlərin aradan qaldırılması məqsədilə antiterror əməliyyatları davam etdiriləcək.
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, 2025-ci ildə ölkədə keçirilən əməliyyatlar nəticəsində 2 597 silahlı məhv edilib. Həmin dövrdə Pakistan ərazisində 5 397 terror hücumu qeydə alınıb, nəticədə 1 235 nəfər həlak olub.
Məlumata əsasən, terror aktlarının 70 faizdən çoxu Hayber-Paxtunxva əyalətində, təxminən 29 faizi isə ölkənin cənub-qərbində yerləşən Balochistan əyalətində baş verib.