BAKI, 29 iyun. TELEQRAF
İsrail ordusu Livanın cənubunda şiə hərəkatı olan Hezbollah tərəfindən istifadə edildiyi iddia olunan iri yeraltı obyektin məhv edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benjamin Netanyahu və ölkənin müdafiə naziri Israel Katz birgə bəyanat yayıblar.
Bəyanatda bildirilib ki, obyekt Livanın cənubundakı Majdal Zoun qəsəbəsinin yaxınlığında yerləşib. İsrail tərəfinin iddiasına görə, uzunluğu 200 metrdən, dərinliyi isə 25 metrdən artıq olan tuneldə yüzlərlə silah-sursat və İsrail ərazisinə zərbələr endirmək üçün nəzərdə tutulmuş bir neçə buraxılış qurğusu saxlanılıb.
İsrail rəsmiləri əməliyyat barədə əvvəlcədən ABŞ-a və Amerikanın Livandakı nümayəndəsinə məlumat verildiyini də qeyd ediblər.
Bəyanatda vurğulanıb ki, İsrail Müdafiə Qüvvələrinin hərbçiləri Livanın cənubundakı təhlükəsizlik zonasında qalmağa davam edəcək, hərbi infrastruktura qarşı əməliyyatları davam etdirəcək və ölkənin şimal yaşayış məntəqələrinin təhlükəsizliyini təmin edəcəklər.