BAKI, 29 iyun. TELEQRAF

Cənubi Koreya Prezidenti Li Çje Myon milli futbol komandasının dünya çempionatındakı uğursuz çıxışının səbəblərinin araşdırılmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Li Çje Myon Mədəniyyət, İdman və Turizm Nazirliyinə məsələni hərtərəfli araşdırmağı, uğursuzluğun səbəblərini təhlil etməyi və gələcəkdə oxşar halların qarşısının alınması üçün konkret islahat planı hazırlamağı tapşırıb.

Cənubi Koreya millisi A qrupunda 3 xal toplayaraq üçüncü yeri tutub və dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Prezident bildirib ki, komandanın turnirdəki nəticəsi ölkə vətəndaşlarında böyük məyusluq yaradıb. Onun sözlərinə görə, uğursuzluq təşkilati idarəetmə və kadr siyasətindəki səhvlərin nəticəsi ola bilər.

Li Çje Myon idman təşkilatlarında idarəetmənin daha şəffaf və ədalətli qurulmasının vacibliyini vurğulayıb. O, Koreya İdman Komitəsi və Koreya Futbol Assosiasiyası da daxil olmaqla idman qurumlarında rəhbərliyin seçilməsi sisteminin islah olunmasının zəruri olduğunu qeyd edib.

Daha əvvəl Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo istefa verib.