BAKI, 28 iyun. TELEQRAF
Polşa hökuməti Almaniyadan İkinci Dünya müharibəsi ilə bağlı təzminat tələb etmək üçün yanaşmasını dəyişərək nasist rejimindən sağ qalan qurbanlara illik ödənişlərin edilməsini istəyir.
Teleqraf xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" (SZ) qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Varşava Almaniyadan nasist işğalından sağ çıxan hər bir Polşa vətəndaşına hər il 10 min zlotı (təxminən 2,3 min avro) məbləğində ödəniş edilməsini tələb edir.
Bildirilir ki, hazırda Polşada nasist rejiminin təxminən 50 min sağ qalmış qurbanı var. Bu halda Almaniyanın illik ödəməli olacağı ümumi məbləğ 300 milyon avroya çata bilər.
SZ qeyd edir ki, maliyyələşmə məsələsi hələ də həllini tapmayıb. Qəzetin fikrincə, Almaniyada mövcud olan mürəkkəb büdcə vəziyyəti bu təşəbbüsün həyata keçirilməsinə mane ola bilər.
Nəşr xatırladır ki, iyunun ortalarında Almaniyanın xarici işlər naziri Yohan Vadeful belə kompensasiyaların ödənilməsini dəstəklədiyini bildirmişdi.