BAKI, 21 iyun. TELEQRAF
İsveçrənin Bürgenştok qəsəbəsində ABŞ və İran nümayəndə heyətləri arasında keçiriləcək danışıqların ilk mövzusu Livanda atəşkəsin təmin edilməsi məsələsi olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrə danışan adı açıqlanmayan diplomatın sözlərinə görə, vasitəçilər ilk mərhələdə "Livanda pozuntuların izlənilməsi və sülhün qorunması mexanizmini" müzakirə edəcəklər. Bundan sonra isə Hörmüz boğazının statusu və Tehranın nüvə proqramı ətrafında müzakirələr aparılacaq. Qəzet həmçinin İranın nüvə proqramı ilə bağlı məsələnin bir neçə həftə ərzində müzakirə ediləcəyini vurğulayıb.
Gözlənildiyi kimi, iyunun 21-də Bürgenştokda ABŞ və İranın texniki məsləhətləşmələri baş tutacaq. Bu görüşlərdə Pakistan və Qətər nümayəndələri də iştirak edəcəklər.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens bundan əvvəl verdiyi açıqlamada İranın nüvə proqramına dair məsələlərin və Livanda atəşkəsin qarşıdakı danışıqların əsas mövzuları arasında yer alacağını bəyan etmişdi.