BAKI, 21 iyun. TELEQRAF
Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri regional prosesləri və ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanın icra mexanizmlərini müzakirə etmək məqsədilə dördtərəfli görüş keçiriblər.
Teleqraf xəbər verir ki, Misirin paytaxtı Qahirədə təşkil olunan toplantıda Türkiyə xarici işlər naziri Hakan Fidan, Misirin xarici işlər naziri Bədr Əbdülati, Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar iştirak ediblər.
Görüşün əsas məqsədi regiondakı son vəziyyət barədə məsləhətləşmələr aparmaq və ABŞ ilə İran arasında müharibənin dayandırılmasına yönəlmiş razılaşmanın həyata keçirilməsi prosesini qiymətləndirməkdir.
Qeyd edək ki, bu diplomatik format çərçivəsində tərəflərin ilk görüşü 20 mart 2026-cı ildə Ər-Riyadda, ikinci toplantısı isə həmin ayın sonunda İslamabadda baş tutub. Nazirlərin sayca üçüncü görüşü isə 17 aprel 2026-cı il tarixində Antalyada reallaşıb.
Qahirə görüşü ABŞ və İran arasında İsveçrədə keçirilməsi planlaşdırılan yeni danışıqlar mərhələsi ərəfəsində xüsusi əhəmiyyət kəsb edir.