BAKI, 21 iyun. TELEQRAF

Ötən yazımızda Seyidəliyev soyadlı, Şamaxıda doğulmuş, ömrünü Misirdə tamamlamış Cümhuriyyət tələbəsindən bəhs etmişdik. Yazımızın sonunda yenə Şamaxıda doğulmuş, Almaniya və Misirdə yaşamış Seyidəliyev soyadlı başqa birinin də olduğunu bildirmişdik. Mühacirət mətbuatında Məhəmməd Tuğay kimi verilən bu Seyidəliyevlə Cümhuriyyət tələbəsi Seyidəliyevin eyni şəxs və ya qohum olmaları ehtimalını irəli sürmüşdük. Bu baxımdan Məhəmməd Tuğay Seyidəliyev haqqında əlimizdəki məlumatları təqdim edəcəyik.

“Rusiya əbədi düşmənimizdir”

Məhəmməd Tuğay Seyidəliyevin II Dünya müharibəsi illərində Almaniyada fəaliyyət göstərdiyini bilirik. O, Berlindəki “Radio verilişləri xidməti”nin Azərbaycan redaksiyasına bir müddət başçılıq edib, Azərbaycan legionunun qurulmasında ən aktiv iştirakçılardan olub. Buna görədir ki, 1943-cü ilin noyabrında Əbdürrəhman Fətəlibəylinin başçılığı ilə keçirilən Milli Azərbaycan Qurultayında o da çıxış edib. Berlində yayınlanan “Azərbaycan” qəzetinin 14 noyabr 1943-cü il tarixli 74-cü sayında həmin çıxışın mətni verilib. Bu nitqində o, Azərbaycan xalqının azadlıq mücadiləsindən bəhs edib:

“Dost Almaniyanın paytaxtında toplanan Azərbaycan qurultayının nümayəndələrini Berlin koloniyası tərəfindən salamlaram. Bildiyiniz üzrə 1920-ci ilin 27 aprelində sevimli vətənimiz bolşeviklər tərəfindən işğal edildikdən sonra da Azərbaycanda mübarizə davam etmişdir. Bolşeviklərə qarşı Gəncə üsyanı baş qaldırmış və bu üsyan yatırıldıqdan sonra məmləkətimiz ilk dəfə olaraq böyük mühacirət vermişdir. Mühacirlərimizin böyük bir qismi Türkiyə, İran və Avropa məmləkətlərində yerləşmişlərdir.

Azərbaycanın siyasi mühacirləri yad ölkələrdə yenə də Azərbaycanın istiqlalı yolunda və onu düşmənin pəncəsindən qurtarmaq uğrunda mübarizələrini davam etdirmişlərdir.

Azərbaycan siyasi mühacirlərinin yad məmləkətlərdəki hərəkətləri, təbii ki, sovetləri heç bir zaman rahat buraxmamışdır. Sovetlər əlləri çatdığı məmləkətlərdə siyasi mühacirlərimizi təqib etmiş və onları sıxışdırmağa başlamışlardır. Bu yolda Azərbaycan siyasi mühacirəti çox çətinliklər qarşısında qalmışlarsa da, lakin vətən uğrunda çalışmalarını heç bir zaman dayandırmamışlardır. Mübarizə bu gün daha geniş miqyasda davam etməkdədir. Əziz vətənimizin qəhrəman övladları milli ruh daşıyaraq məmləkətimizin azadlığı yolunda öz qanları ilə cəbhələrdə sovetlərə qarşı qəhrəmanlıqlarını göstərmişlərdir. Bu, onu göstərir ki, sovetləri 23 il ərzində vətəndə bolşevik zülmü altında yaşayan gənclərimizin milli ruhunu öldürməyə müvəffəq ola bilməmiş və artıq bu ruhu heç bir zaman heç bir qüvvət öldürə bilməyəcəkdir.

1918-ci il 28 mayda təməli qoyulan müstəqil Azərbaycan Cümhuriyyətinin əsasları bu gün daha da qüvvətləndirilmişdir. Əgər sovet imperializmi məmləkətimizi istila etməmiş olsaydı, bu gün biz də digər millətlər kimi öz milli hüdudlarımız çərçivəsində yaşardıq və bu gün millətimizin şanlı və cavan övladları beynəlxalq bolşevik idealları üçün qanlarını hədər yerə axıtmazlardı. Bizim millətimiz üçün bolşevik ideologiyası təmamila yabançıdır. Tarixin göstərdiyi kimi 23 il ərzində məmləkətimizin daxilində sovetlərə qarşı 60-dan artıq üsyan olmuşdur. Bu surətlə bolşevik zülmü altında yaşayan vətəndaşlarımız böyük zülmlər çəkmişlərdir.

Rusiya nə şəkildə olursa-olsun bizim əbədi düşmənimizdir. Biz artıq bu məmləkətlə bərabər yaşamağa imkan görmürük. Həm çarizm, həm bolşevizm Rusiyası eyni metodlarla bizim milli ruhumuzu, adətlərimizi, milli və müqəddəs ənənələrimizi, dilimizi, məscidlərimizi və dinimizi ayaqlar altına almışlardır. Eyni zamanda da böyük milli şairlərimizi, alimlərimizi, millət uğrunda çarpışan başçılarımızı zirzəmilərdə, Sibirya və Solofqa lagerlərində çürütmüş və ya güllələmişlərdir.

Arxadaşlar! Bu İkinci Dünya müharibəsində məmləkətimiz daha böyük bir mühacirət vermişdir. Bunlar bizim qəhrəman legionerlərimizdir ki, Almaniyanı dost bilərək milli ideallarımız üçün cəbhəni tərk edərək bolşevik ordusundan bu tərəfə keçmişlərdir. Bu gün bu ikinci mühacirətimiz dost Almaniyadadır ki, əllərinə silah alaraq məmləkətimizi düşmən istilasından xilas etmək uğrunda vuruşurlar. İnşallah, onlar buna müvəffəq olacaqlardır.

23 il bundan əvvəl vətənimizdən çıxan mühacirlərin fikirləri tamamila sizinlə birdir. Biz hamımız eyni vətənin eyni övladlarıyıq. Bunun üçün də Azərbaycanın istiqlalı yolunda bizim bərabər çalışmağımız lazımdır.

Biz ağa dəyişdirmək istəmirik. Üzərimizdə ağalıq edənlərin ləzzətini gördük. Bu gün burada bizim toplantımızın səbəbi biri-birimizə daha sıx bağlı olaraq əlbirliyilə şanlı vətənimizi bu qanlı istiladan qurtarmaqdır.

Millətimiz siz qəhrəman legionerlərimizdən çox ümidlər gözləməkdədir. İnşallah vətənimizi siz qurtaracaqsınız! O gün nə məsud bir gün olacaq ki, siz, bolşevik pəncəsi altında inləyən vətənimizə həm azadlıq gətirəcəksiniz və həm də öz ailənizə qovuşacaqsınız.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın qəhrəman legionerlərimiz!”

Məhəmməd Tuğay bu nitqindəki “23 il bundan əvvəl vətənimizdən çıxan mühacirlərin fikirləri tamamila sizinlə birdir” cümləsi onun birinci nəsil mühacirlər sırasında olduğunu göstərir. Demək ki, o da 1920-ci il işğalından sonra ölkədən çıxıb və ya həmin ərəfələrdə Avropada yaşadığı üçün Vətənə qayıda bilməyib.

Qahirədən göndərilən məktub

Təəssüf ki, Tuğayın Almaniyadakı fəaliyyəti haqqında əlimizdə başqa material yoxdur.

Amma İstanbulda azərbaycanlı mühacir, İkinci Dünya müharibəsi iştirakçılarından Zöhrab Kəsəmənliyə aid arxivdə çalışarkən onun bir məktubuna rast gəldik. Həmin məktubda onun haqqında maraqlı məlumatlar olduğu üçün tam şəkildə təqdim edirik:

“Qahirə, 6 sentyabr 1947.

Əzizim Zöhrab,

13.08.47 tarixli məktubunu təşəkkürlə aldım. Prof. İdris bəy üçün göndərmiş olduğun məktubu dərhal Şama göndərdim. İdris bəy gedəndən bəri indiyə qədər ondan heç bir məlumat ala bilməmişəm. Buradakı qəzetlərin verdiyi məlumata görə üç həftə əvvəl Şamda idi. Hər halda bir məlumat alsam, dərhal sənə xəbər verərəm.

Bay Çaletski də üç həftə əvvəl İtaliyaya hərəkət etdi. Hər halda oraya çatmış və sizləri ziyarət etmişdir. Ondan buradakı hərəkat haqqında bir çox şeylər öyrənmisiniz. Artıq bu xüsusda yazmağa lüzum görmürəm.

Cövdət bəyin rəyasətindəki komissiyanın oraya gəlməsindən və sizləri ziyarət etməsindən çox məmnun qaldım. İnşallah, çox yaxında hamınız səfalətdən qurtularaq Böyük Ana Vətənə qayıdacaqsınız. Buna heç bir şübhəm yoxdur.

Misir hökuməti nümayəndəsinin də sizi ziyarət etməsi çox yaxşı oldu. Görürsünüz ki, indi artıq hər tərəfdən sizə yardım gəlməkdədir. Hər halda çox yaxında sizə paketlər də buradan göndərəcəklər. Paketdə nələr veriləcəyi haqqında Çaletskinin sizə, əminəm ki, məlumat vermişdir. Bu paketlər əlinizə keçərsə, sizin üçün çox yaxşı olar. İnşallah, çox yaxında siz də alarsınız. Yunanıstana gedən Misir yardım komissiyası işini orada bitirdikdən sonra yenidən geri döndü. Bu komissiya oradakı türklərə paketlər gətirərək paylamışdır. Hər halda bu dəfə növbə sizə gələcəkdir.

Çoxdan bəri sənə məktub yazmadığımın səbəbi son zamanlar başım çox qarışıq idi və keçən həftə çox xəstələndim, indi şükür Allaha, sağalmaqdayam. Buranın istiləri çox sıxıntılıdır və ilin altı ayını insan istilərdən əziyyət çəkir. Buraya qətiyyən gəlməyin, hamınız Türkiyəyə getmək üçün çalışın. Mən Türkiyəyə getmək haqqında hələ bir qərar vermədim. Bu, gələn iki ay ərzində bəlli olacaqdır, çünki gələn ayın sonunda İsveçrədən buraya baldızım və yeznəm gələcəklər. Mənim yeznəm İsveçrədəki Misir səfarətinin ikinci katibidir, indi buraya geri təyin ediblər və mən onları doqquz ildir görmürəm. Sizi ziyarət edən Misir nümayəndəsi Dr. Həsən İsmayıl bəy yeznəm Həsən bəy əl-Hakimin yaxın dostudur və bərabər eyni səfarətdə çalışmaqdadırlar.

Vəziyyətiniz haqqında mənə tez-tez məktub yaz və orada nələr olub-keçdiyi haqqında da məlumat verməyini sənədən çox rica edirəm.

İndilik oradakı bütün vətəndaşlarımıza çox-çox salam söylə, eynilə Dr. Salahlıya.

Aliyə xanım və mən sənə çox salam yetirir və qızının da gözlərindən öpürük. Məktubunu gözləyirəm, gözlərindən öpürəm, əziz qardaşım”.

Bu məktubdan bəzi mühüm məlumatlar öyrənirik. Məhəmməd Tuğayın bir müddətdir Qahirədə yaşadığını, Aliyə adlı xanımla evli olduğunu anlayırıq. Məktubda adı keçən Cövdət bəy Türkiyənin İkinci Dünya müharibəsi qaçqınlarını ölkəyə gətirmək üçün Avropadakı düşərgələrə göndərdiyi Cövdət Atasaqun bəydir. Onun bu fəaliyyəti sayəsində 2700 SSRİ vətəndaşı türk və müsəlman qaçqın Türkiyəyə gətirilib. Dr. Həsən İsmayıl isə eyni fəaliyyətlə məşğul olan Misir təmsilçisi idi. Misir kralı Farukun göstərişi ilə Avropadakı türk və müsəlman qaçqınlara qida yardımı göstərib, onların bir qisminin Qahirəyə gətirilməsinə nail olub. Çaletsiki də (və ya Haletski) də müsəlmanların xilası ilə məşğul olan bir cəmiyyətin rəhbəri olub. Professor İdris də həmin illərdə fəaliyyət göstərmiş məşhur tatar ictimai-siyasi xadimi Alimcan İdrisdir.

Burada ən maraqlı məsələ Tuğayın Dr. Salahlıya salam göndərməsidir.

Dr. Yusif Salahlı kimdir?

Yusif Salahlı 1897-ci ildə Şuşada doğulub. Anası Nabat xanım Üzeyir bəy Hacıbəylinin xalası olub. 1905-1917-ci illərdə Şuşa edadi məktəbində oxuyub. Hökumətin xaricə yüz tələbə göndərməsi ilə bağlı elanı gördükdən sonra müraciət edib və qaliblər siyahısına düşüb. Nəticədə Almaniyaya yola düşən tələbələr sırasında olan Salahlı əvvəlcə Haydelberq, sonra isə Münxen Universitetində tibb fakültəsində oxuyub. 21 avqust 1926-cı ildə Münxendə Lüdviq-Maksimilian Universitetinin tibb fakültəsini tibb elmləri namizədi diplomu ilə bitirib.

Salahlı 1927-ci ildə Azərbaycana qayıdıb, həkimlik fəaliyyəti ilə məşğul olub. Yusif bəy 1931-ci ildə Məryəm xanım Mahmud bəy qızı Hacıyeva ilə ailə qurub. Bu evlilikdən Cəmil, Yavuz və Altay adlı üç oğlu olub.

1941-ci ildə o, könüllü şəkildə cəbhəyə yollanıb, Kiyev yaxınlığındakı döyüşlərdə almanlara əsir düşüb. Müharibədən sonra Avropadakı qaçqın düşərgələrində yaşayıb. Ona görə də qaçqınlarla bağlı Arolsen arxivində onunla bağlı da sənədlər var. Bu sənədlərin birində atasının adı Hüseyn, anasının adı Nabat, doğum yeri 06.09.1897 Şuşa göstərilib. 1945-1948-ci illərdə İtaliyada yaşayıb. Salahlı Türkiyənin qaçqınları qəbulundan sonra İstanbula yerləşib, orada yenidən ailə həyatı qurub. Türkiyədəki Azərbaycan dərnəklərinin fəaliyyətində aktiv iştirak edib. Türkiyə dövləti müharibə qaçqınlarının imtahan keçirərək diplomlarını tanıdığı üçün ehtimal ki, ona da yeni diplom verib, həkimlik fəaliyyəti ilə məşğul olmasına şərait yaradıb.

Yusif Salahlı 1973-cü ildə İstanbulda vəfat edib.

Məhəmməd Tuğayın Cümhuriyyət tələbəsi Dr. Yusif Salahlını tanıması önəmli faktdır. Bu baxımdan Məhəmməd Tuğay (Seyidəliyev) ilə Cümhuriyyət tələbəsi Məhəmmədrza Seyidəliyev eyni şəxs ola bilər.

Mövzu açıq olaraq qalır.

Dilqəm ƏHMƏD