BAKI, 21 iyun. TELEQRAF

Ukrayna ordusunun uzaqmənzilli zərbə vasitələri ilə Rusiyanın hərbi loqistika mərkəzləri, neft sənayesi obyektləri və hava hücumundan müdafiə (HHM) sistemlərinə uğurlu hücumlar təşkil edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında məlumat verib.

V.Zelenski bildirib ki, cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşən hədəflərə endirilən zərbələr Rusiyanın Ukrayna mülki əhalisinə qarşı hücumlarına ədalətli cavabdır. O, bu əməliyyatların uğurla icra olunmasına görə Ukrayna Təhlükəsizlik Xidməti (SBU), pilotsuz sistemlər qüvvələri, Baş Kəşfiyyat İdarəsi (GUR) və Xüsusi Əməliyyat Qüvvələrinin (SSO) hərbçilərinə təşəkkür edib.

Hücumlar nəticəsində Krım körpüsünün hər iki tərəfində yerləşən infrastruktur obyektləri, o cümlədən Krasnodar diyarında neft daşınmasını təmin edən dəniz loqistikası və Kerç şəhərindəki neft bazası vurulub.

Bundan başqa, Rusiya ordusunun hərbi loqistika xətləri, həmçinin "S-400" komplekslərinin tərkibinə daxil olan dörd radiolokasiya stansiyası və iki ədəd "Pantsir" zenit-raket kompleksi zərərsizləşdirilib.

Ukrayna lideri vurğulayıb ki, qarşı tərəf yalnız güc dilini başa düşür və ölkənin uzaqmənzilli silah gücü sülhün bərqərar olunmasına xidmət edir.