BAKI, 10 iyun. TELEQRAF
Çin və Koreya Xalq Demokratik Respublikası (KXDR) Pxenyanda keçirilən sammit zamanı bir sıra mühüm razılaşmalar əldə edib və iki ölkə arasındakı münasibətlər yeni tarixi mərhələyə qədəm qoyub.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin KXDR lideri Kim Jong Una dövlət səfərinin yekunları ilə bağlı göndərdiyi təşəkkür teleqramında bildirib.
Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) yaydığı məlumata görə, Si Cinpin görüşlər zamanı tərəflərin qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi apardıqlarını və mühüm razılaşmalar əldə etdiklərini vurğulayıb.
Çin liderinin sözlərinə görə, bu razılaşmalar Çin-Koreya münasibətlərinə dövrün tələblərinə uyğun yeni məzmun qazandırıb, həmçinin tərəflərin ənənəvi dostluğu inkişaf etdirmək, birgə tərəqqi və rifahı təşviq etmək, regionda və dünyada sülh və sabitliyi qorumaq əzmində olduqlarını nümayiş etdirib.
Si Cinpin səfərin nəticələrindən məmnun qaldığını bildirərək qeyd edib ki, bu səfər Çin-Koreya münasibətlərinin yeni tarixi mərhələyə keçməsinə şərait yaradıb.
O əlavə edib ki, Pekin və Pxenyanın fundamental və uzunmüddətli maraqlarını rəhbər tutaraq ikitərəfli əlaqələrin qorunması, möhkəmləndirilməsi və inkişafı istiqamətində səylər davam etdiriləcək.
Qeyd edək ki, Si Cinpinin KXDR-yə dövlət səfəri iyunun 8-9-da baş tutub. Bu, Çin liderinin 2019-cu ildən bəri Şimali Koreyaya ilk səfəri olub.