BAKI, 9 iyun. TELEQRAF
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlanmasından bu yana Fars körfəzi bölgəsində 29 gəmi hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) dərc etdiyi hesabatda bildirilib.
Fevralın 28-dən iyunun 8-dək olan dövrü əhatə edən statistikaya əsasən, UKMTO Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində fəaliyyət göstərən gəmilərlə bağlı ümumilikdə 54 insident haqqında məlumat alıb.
Hesabatda qeyd olunur ki, bu hadisələrin 29-u hücum, 23-ü şübhəli fəaliyyətlə bağlı xəbərdarlıq, 2-si isə gəmilərin ələ keçirilməsi faktıdır.
Mərkəzin məlumatına görə, son bir ay ərzində insidentlərin sayında azalma müşahidə olunub. Belə ki, mayın 5-də yayımlanan əvvəlki hesabatdan sonra daha dörd yeni hücum və beş şübhəli fəaliyyət halı qeydə alınıb.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının məlumatına əsasən, müharibənin başlanmasından bəri ümumilikdə 41 dəniz insidenti baş verib. Bu hücumlar nəticəsində 11 dənizçi həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.