BAKI, 8 iyun. TELEQRAF

Avropa İttifaqı sığınacaq verilməsi rədd edilmiş miqrantların yerləşdirilməsi üçün deportasiya mərkəzlərinin yaradılacağı ölkələrin axtarışına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir sıra Avropa hökumətləri paralel şəkildə Avropa İttifaqından kənarda yerləşən potensial tərəfdaş dövlətlərlə danışıqlar aparır.

Nəşr yazır ki, sərt miqrasiya siyasətini dəstəkləyən Niderland, Danimarka, Avstriya, İtaliya və digər ölkələr hüquqi çərçivənin hazırlanmasından sonra konkret dövlətlərin müəyyənləşdirilməsi mərhələsinə keçmək niyyətindədir.

Mənbələrin sözlərinə görə, deportasiya mərkəzlərinin yaradılması ilə bağlı Afrika və digər region ölkələri ilə mümkün əməkdaşlıq variantları nəzərdən keçirilir.

Bildirilir ki, bu dövlətlərə maliyyə dəstəyi, iqtisadi əməkdaşlıq və ya viza rejiminin yumşaldılması təklif oluna bilər.

"El Pais" qeyd edir ki, bu təşəbbüs Avropa İttifaqının miqrasiya siyasətindəki dəyişikliklərin göstəricisidir. Yeni yanaşmada əsas diqqət miqrantların deportasiyasına, xarici sərhədlərə nəzarətin gücləndirilməsinə və üçüncü ölkələrlə əməkdaşlığın genişləndirilməsinə yönəlib.