BAKI, 8 iyun. TELEQRAF

İran hakimiyyəti təhlükəsizlik səbəbilə ölkənin qərb hissəsində hava məkanının qeyri-müəyyən müddətə bağlanması barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əxvan məlumat verib.

IRNA agentliyinin yaydığı məlumata görə, o bildirib ki, təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən və NOTAM bildirişinin dərc edilməsindən sonra ölkənin hava məkanının qərb sektoru növbəti bildirişədək bağlanıb.

Məcid Əxvan vətəndaşları zəruri olmadığı halda hava limanlarına getməməyə və uçuşlarla bağlı məlumatları kütləvi informasiya vasitələrindən izləməyə çağırıb.

Qərar İran və İsrail arasında gərginliyin artdığı bir vaxtda qəbul edilib. Daha əvvəl İsrail Ordusunun mətbuat xidməti İran ərazisindən raket buraxılışlarının qeydə alındığını açıqlamışdı.

İsrailin dövlət teleradio şirkəti Kan isə İsrailin öz ərazisinin raket atəşinə tutulmasına cavab verməyə hazırlaşdığını bildirib.

İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayinin sözlərinə görə, raket hücumu İsrailə xəbərdarlıq xarakteri daşıyıb və məqsəd yəhudi dövlətinin Beyruta endirdiyi zərbələri dayandırmasına nail olmaq olub.