BAKI, 18 may. TELEQRAF

NATO-nun Şimali Atlantikdə keçirdiyi ən böyük hərbi-dəniz təlimlərindən biri olan “Dynamic Mongoose 2026” başlayıb.

Teleqraf xəbər verir ki, mayın 29-dək davam edəcək təlimlər NATO-nun Müttəfiq Dəniz Qüvvələri Komandanlığının rəhbərliyi altında keçirilir.

Manevrlərdə alyansa üzv bir neçə ölkənin hərbi bölmələri iştirak edir.

Təlimlər ənənəvi olaraq Farer adaları-İslandiya xətti bölgəsində təşkil olunur. Həmin ərazidə ABŞ-ın SOSUS hidroakustik müşahidə sistemi yerləşir.

“Dynamic Mongoose” təlimlərinə 2012-ci ildən etibarən Norveç, Kanada, Danimarka, Almaniya, Niderland, Böyük Britaniya və ABŞ qatılır.

Məlumata görə, əsas məqsəd qüvvələrin sualtı təhdidlərə qarşı hazırlığını gücləndirməkdir.

Təlim zamanı ekipajlar təqibdən yayınma, dərinlikdən cavab zərbələrinin endirilməsi, həmçinin şərti düşmən sualtı qayıqlarının aşkarlanaraq zərərsizləşdirilməsi üzrə məşqlər həyata keçirirlər.

Qeyd edək ki, daha əvvəl Finlandiyanın Rusiya sərhədindən 70 kilometr məsafədə yerləşən Kuhmo bölgəsində NATO ölkələrinin iştirakı ilə “Saber Strike 26” təlimlərinin ikinci mərhələsinin başladığı bildirilmişdi.