BAKI, 18 may. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə sərhəddə yerləşən ön xətt bölmələrinin gücləndirilməsinin müharibənin qarşısının alınması üçün vacib olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Kim Çen In bu açıqlamanı ordunun diviziya və briqada komandirlərinin toplantısında səsləndirib.

Şimali Koreya lideri müasir müharibələrin xüsusiyyətlərini nəzərə alaraq hərbi hazırlıq sisteminin yenilənməsini və praktiki təlimlərin genişləndirilməsini tələb edib.

O bildirib ki, planlaşdırılan layihələr ordunun sürətli modernləşdirilməsi və yeni texniki imkanlara uyğun əməliyyat konsepsiyalarını yenidən formalaşdırmalıdır.

Kim Çen In həmçinin hərbçilərin ideoloji sədaqətinin gücləndirilməsinin vacibliyini vurğulayıb və Cənubi Koreyanı “baş düşmən” adlandırıb.