BAKI, 17 may. TELEQRAF
Çin yaxın üç il ərzində hər il ABŞ-dən ən azı 17 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu almağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçirilən danışıqların yekunlarına dair açıqlamasında bildirib.
Məlumata görə, Pekin 2026, 2027 və 2028-ci illərdə ABŞ kənd təsərrüfatı məhsullarının idxalını genişləndirəcək.
Ağ Evin bəyanatında qeyd olunub ki, Çin eyni zamanda ABŞ mal ətinin öz bazarına çıxışını bərpa edib. Bunun üçün 400-dən çox Amerika müəssisəsinin fəaliyyət icazəsi uzadılıb və yeni şirkətlər siyahıya əlavə olunub.
Bundan başqa, Pekin ABŞ Kənd Təsərrüfatı Nazirliyinin yüksək patogen quş qripindən azad hesab etdiyi ştatlardan quş əti idxalını da yenidən başladıb.