BAKI, 17 may. TELEQRAF
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa dünya ölkələrini Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola virusunun daha geniş yayılmasının qarşısını almaq üçün təcili və koordinasiyalı addımlar atmağa çağırıb.
Teleqraf xəbər verir ki, Ramafosa bu bəyanatı Afrika İttifaqının pandemiyaların qarşısının alınması, hazırlıq və cavab tədbirləri üzrə nümayəndəsi qismində verib.
Prezidentin administrasiyasının yaydığı açıqlamada bildirilib ki, mövcud vəziyyət Afrika ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən birlik və operativ fəaliyyət tələb edir.
“Erkən aşkarlanma, vaxtında məlumatlandırma və qətiyyətli addımlar epidemiyanın daha geniş regional böhrana çevrilməsinin qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır”, - deyə Ramafosa vurğulayıb.
O, Konqo Demokratik Respublikası, Uqanda, Afrika İttifaqının səhiyyə xidmətləri və Ümumdünya Səhiyyə Təşkilatının Ebola ilə mübarizə istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
Ramafosa Ebola riski ilə üzləşən ölkələri sərhədlərarası əməkdaşlığı gücləndirməyə, rəsmi və qeyri-rəsmi keçid məntəqələrində epidemioloji nəzarəti artırmağa və məlumat mübadiləsini sürətləndirməyə çağırıb.
Prezident beynəlxalq ictimaiyyəti də Ebola virusunun mövcud ocaqlardan yayılmasının qarşısını almaq üçün bütün zəruri dəstəyi göstərməyə səsləyib.
Qeyd edək ki, bu həftə Konqo Demokratik Respublikası və Uqandada Ebola-Bundibuqyo virusunun səbəb olduğu yeni Ebola epidemiyasının başlandığı rəsmi şəkildə elan edilib.
Epidemiyanın episentri Konqonun İturi vilayətində yerləşir. Rəsmi məlumatlara görə, hazıradək 88 nəfər ölüb, 336 nəfər isə virusa yoluxub.