BAKI, 17 may. TELEQRAF
İsrail FPV-dron təhlükəsinə qarşı mübarizəni gücləndirməyi planlaşdırır və bu məqsədlə Ukraynadakı müharibənin təcrübəsini öyrənir.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında çıxışı zamanı bildirib.
Netanyahunun sözlərinə görə, İsrail ordusu və Müdafiə Nazirliyi pilotsuz uçuş aparatları ilə bağlı yaranan təhlükələri uzun müddətdir izləyir.
O qeyd edib ki, Ukraynadakı münaqişə FPV-dronların döyüş meydanında necə effektiv silaha çevrildiyini göstərib və İsrail də bu təcrübədən nəticə çıxarır.
Baş nazir bildirib ki, onun tapşırığı ilə İsrail ordusu tankların üzərinə qoruyucu konstruksiyalar quraşdırıb və bu, dron hücumlarına qarşı tədbirlərdən biri olub.
Netanyahu vurğulayıb ki, İsrail ordusu indiyədək pilotsuz aparatlarla həyata keçirilməyə çalışılan yüzlərlə, hətta minlərlə hücumun qarşısını alıb.
Onun sözlərinə görə, hazırda İsrail hərbçiləri üçün əsas prioritetlərdən biri FPV-dronların zərərsizləşdirilməsidir.
Baş nazir bu məqsədlə müdafiə naziri, Müdafiə Nazirliyinin əməkdaşları, hərbi sənaye və mülki sektor nümayəndələrinin daxil olduğu xüsusi qrup yaratdığını bildirib.
Netanyahu qeyd edib ki, bu layihə üçün maliyyə məhdudiyyəti qoyulmayıb.
“Nə qədər vəsait tələb olunursa, ödəniləcək. Məqsəd həm bu təhlükəyə, həm də gələcəkdə yaranacaq yeni risklərə qarşı həll tapmaqdır”, - deyə o vurğulayıb.