BAKI, 17 may. TELEQRAF
ABŞ İranla davam edən danışıqlar çərçivəsində müharibənin dayandırılması üçün Tehrana beş əsas tələb irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, Vaşinqton İranın zənginləşdirilmiş 400 kiloqram uranı ABŞ-nin nəzarətinə verməsini və ölkədə yalnız bir nüvə obyektinin fəaliyyət göstərməsini tələb edib.
ABŞ-nin digər şərtləri sırasında müharibə nəticəsində dəyən ziyana görə kompensasiya ödənilməməsi, İranın dondurulmuş aktivlərinin maksimum 25 faizinin azad edilməsi və bütün cəbhələr üzrə atəşkəsin danışıqlardakı irəliləyişlə əlaqələndirilməsi yer alıb.
Məlumata əsasən, İran da öz növbəsində “minimum etimad təminatları” adlandırdığı beş şərt irəli sürüb və bildirib ki, bu tələblər praktikada yerinə yetirilməyəcəyi təqdirdə danışıqların ikinci mərhələsinə qatılmayacaq.
Tehranın şərtləri arasında bütün cəbhələrdə, xüsusilə Livanda hərbi əməliyyatların dayandırılması, İrana qarşı sanksiyaların və iqtisadi blokadanın ləğvi, xaricdə dondurulmuş İran vəsaitlərinin tam şəkildə qaytarılması, müharibə nəticəsində dəyən insan və maddi itkilərə görə kompensasiya ödənilməsi, həmçinin ABŞ tərəfindən Hörmüz boğazının idarə olunmasında İranın suveren hüququnun rəsmi şəkildə tanınması yer alıb.
Nəşr yazır ki, atəşkəs elan olunmasına baxmayaraq ABŞ-nin dəniz blokadasını davam etdirməsi Tehranın Vaşinqtona olan etimadsızlığını daha da artırıb.