BAKI, 17 may. TELEQRAF
Rusiya hərbi rəhbərliyinin cəbhədəki irəliləyişlərlə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Analitiklərin hesabatına görə, Rusiya tərəfi artıq beş aydır döyüş meydanındakı vəziyyəti təhrif edir və qoşunların Xarkov vilayətinin Kupiansk şəhərindən qərbə doğru irəlilədiyini əsassız şəkildə iddia edir.
Məlumata görə, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov mayın 16-da Kupiansk, Borova və Liman istiqamətləri barədə həqiqətə uyğun olmayan açıqlamalar verib. O, Rusiya ordusunun Kupianskı tam keçərək Şevçenkove istiqamətində irəlilədiyini söyləyib. Bu isə şəhərin artıq Rusiyanın əlində olması barədə saxta təəssürat yaradır. Gerasimov, həmçinin bir neçə kəndin tam tutulduğunu, Liman şəhərinin isə 85 faizinə nəzarət etdiklərini iddia edib.
ISW-nin kəşfiyyat məlumatları bu iddiaların tamamilə yalan olduğunu göstərir. Ekspertlərin qənaətinə görə, Kupiansk şəhərində Rusiyanın heç bir ciddi hərbi mövqeyi yoxdur, orada yalnız bir neçə diversant qalıb. Rusiya ordusu Kupiansk ərazisinin cəmi 14,2 faizinə, Limanın isə cəmi 0,06 faizinə daxil ola bilib. Rusların tam nəzarətə götürdüklərini dedikləri yaşayış məntəqələri hələ də Ukraynanın əlindədir və Rusiya qoşunları bu kəndlərdən 2-4 kilometr uzaqdadırlar.
Analitiklər qeyd edirlər ki, Kupiansk tam ələ keçirilmədən Rusiyanın Şevçenkove istiqamətində irəliləməsi qeyri-mümkündür. Rusiya rəhbərliyinin real vəziyyəti qəbul etmək istəməməsi onların hərbi planlaşdırmada ciddi səhvlər etməsinə səbəb olur.
Hesabatda vurğulanır ki, Ukrayna ordusunun müdafiə xətti Rusiyanın 2026-cı ilin yaz-yay hücumlarına uğurla tab gətirir. Ukrayna hərbçiləri bir çox istiqamətdə, o cümlədən Kupianskda təşəbbüsü əlində saxlayır. Rusiya isə Ukraynanın əks-hücumlarının qarşısını almaq üçün kifayət qədər qüvvə ayıra bilmir.