BAKI, 17 may. TELEQRAF

Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola virusu ilə bağlı beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, yayılmaya Bundibuqyo virusu səbəb olub. ÜST bildirib ki, vəziyyət pandemiya meyarlarına cavab verməsə də, Konqo ilə sərhədi olan ölkələr üçün yoluxma riski yüksəkdir.

Qurumun açıqlamasına əsasən, şənbə gününədək Konqonun İturi vilayətində azı 80 şübhəli ölüm, 8 laborator təsdiqli yoluxma və 246 şübhəli hal qeydə alınıb.

ÜST xəbərdarlıq edib ki, təsdiqlənmiş halların sayı hazırda açıqlanandan daha çox ola bilər.

Qeyd olunub ki, Bundibuqyo virusuna qarşı təsdiqlənmiş vaksin və xüsusi müalicə üsulu yoxdur. Bu səbəbdən yayılma “fövqəladə” vəziyyət kimi qiymətləndirilib.

Məlumata görə, Uqandanın paytaxtı Kampalada Konqodan gələn şəxslərdə iki təsdiqlənmiş yoluxma halı aşkarlanıb, onlardan biri ölümlə nəticələnib.

Həmçinin Konqonun paytaxtı Kinşasada da İturi bölgəsindən qayıdan şəxsdə Ebola təsdiqlənib.

ÜST ölkələrə sərhədləri bağlamamağı tövsiyə edib. Bildirilib ki, bu addım nəzarətsiz qeyri-rəsmi keçidlərin artmasına səbəb ola bilər.

Qurum yoluxan şəxslərin təcrid olunmasını, təmasda olanların gündəlik izlənməsini və sərhədlərdə gücləndirilmiş yoxlamaların aparılmasını tövsiyə edib.