BAKI, 10 may. TELEQRAF

ABŞ Kubanın sahilləri yaxınlığında kəşfiyyat uçuşlarının sayını kəskin şəkildə artırıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN televiziya kanalı aviadaşınma məlumatlarının təhlilinə istinadən məlumat yayıb.

Bildirilib ki, 4 fevraldan etibarən ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri pilotlu təyyarələr və pilotsuz uçuş aparatları vasitəsilə ən azı 25 kəşfiyyat missiyası həyata keçirib.

Uçuşların əksəriyyəti ölkənin iki böyük şəhəri Havana və Santyaqo-de-Kuba yaxınlığında qeydə alınıb.

Məlumata görə, əsasən “P-8A Poseidon” tipli dəniz patrul təyyarələri istifadə olunub. Bu təyyarələr müşahidə və kəşfiyyat üçün nəzərdə tutulub.

Həmçinin radiotexniki kəşfiyyat üzrə ixtisaslaşmış “RC-135V Rivet Joint” təyyarələrindən və yüksək hündürlükdə uçan “MQ-4C Triton” pilotsuz aparatlarından da istifadə edilib.