BAKI, 10 may. TELEQRAF
İrlandiya hökuməti Ukraynadan olan qaçqınların vətənə könüllü qayıdışını təşviq etmək üçün ödənişlərin daxil ola biləcəyi yeni mexanizm hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə İrlandiyanın ədliyyə, daxili işlər və miqrasiya naziri Cim O’Kallahan məlumat verib.
Nazirin sözlərinə görə, məsələ hazırda hökumət səviyyəsində müzakirə olunur və Dublin Ukrayna hökumətinin mövqeyini də nəzərə alır. Ukrayna tərəfi isə vətəndaşlarının geri qayıtmasında maraqlıdır.
İrlandiyada hazırda təxminən 85 min Ukrayna qaçqınının yaşadığı bildirilir.
O’Kallahan qeyd edib ki, ölkəyə qayıtmaq istəyən şəxslər üçün stimullaşdırıcı mexanizm hazırlanacaq və onların geri dönüşünə müəyyən maliyyə dəstəyi göstərilə bilər.
“Düşünürəm ki, mövcud şəraitdə bu, uyğun addım olardı”, - deyə nazir bildirib.
O, həmçinin vurğulayıb ki, İrlandiya Avropa İttifaqı rəhbərliyi ilə birlikdə Ukraynaya könüllü qayıdış və reinteqrasiya proqramı üzərində işləyəcək.
Məlumata görə, bu proqramın 2027-ci ilin martında işə salınması ehtimal olunur.