BAKI, 10 may. TELEQRAF
Böyük Britaniyanın paytaxtı Londonda yəhudi icmasının üzvlərinə qarşı hücum baş verib, nəticədə üç nəfər yüngül xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Skotland-Yard bəyanat yayıb.
Məlumata görə, hadisə mayın 9-da gecə saatlarında Londonun Enfild rayonunda yerləşən Sautberi-Roud küçəsində qeydə alınıb. Polis patrulları yəhudi icmasının üzvlərini təqib edən, onlara hədə-qorxu gələn və hücum edən şəxs barədə məlumat alıb.
30 yaşdan yuxarı kişi saxlanılaraq polis bölməsinə aparılıb və ona qarşı ittiham irəli sürülüb.
Hadisə nəticəsində 58 və 26 yaşlı iki kişi, həmçinin 53 yaşlı qadın yüngül xəsarətlər alıb. Bildirilib ki, onların əlavə tibbi yardıma ehtiyacı olmayıb.
Polis saxlanılan şəxsin Londonun Hornçerç qəsəbəsindən olan 34 yaşlı Dilan Ossey olduğunu açıqlayıb. Ona insanlara hücum, irqi və dini nifrət zəminində hücum, qorxu və zorakılığa səbəb olan təhqiramiz davranış, eləcə də dini və irqi nifrət motivli təqib daxil olmaqla beş maddə üzrə ittiham irəli sürülüb.
Məlumata görə, Dilan Ossey mayın 11-də Londonun Hayberi magistr məhkəməsi qarşısına çıxarılacaq.