BAKI, 15 aprel. TELEQRAF
Bir sıra Avropa ölkələri ABŞ-nin iştirakı olmadan Hörmüz boğazında gəmiçiliyin azadlığını bərpa etmək üçün geniş koalisiyanın yaradılmasını nəzərdə tutan plan üzərində işləyir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, planın əsas məqsədi hərbi əməliyyatlardan sonra gəmiçilik şirkətlərinə boğazdan keçidlə bağlı etibarlı mühit yaratmaqdır.
Qeyd olunur ki, əvvəllər Yaxın Şərqdə hərbi iştiraka skeptik yanaşan Almaniyanın da bu təşəbbüsə qoşulacağı ehtimal edilir.
Nəşr yazır ki, Avropa ölkələri arasında ABŞ-nin bu plana cəlb olunması ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Fransalı diplomatlar hesab edir ki, Vaşinqtonun iştirakı təşəbbüsü İran üçün qəbuledilməz edə bilər. Britaniyalı rəsmilər isə ABŞ-nin kənarda saxlanmasının Vaşinqtonun narazılığına səbəb olacağını və əməliyyatın miqyasını azalda biləcəyini düşünür.
Bildirilir ki, planın əsas istiqamətləri logistika marşrutlarının bərpası, minalardan təmizləmə əməliyyatlarının aparılması və ticarət gəmilərinin hərbi gəmilər tərəfindən müşayiət olunmasından ibarətdir.