BAKI, 7 aprel. TELEQRAF

İsrail hakimiyyəti İstanbuldakı konsulluğuna edilən hücumdan sonra Türkiyə təhlükəsizlik qüvvələrinin reaksiyasını yüksək qiymətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "İstanbuldakı İsrail konsulluğuna edilən bu günkü terror hücumunu qətiyyətlə pisləyirik. Türkiyə təhlükəsizlik qüvvələrinin bu hücumun qarşısını almaq üçün gördüyü təcili tədbirləri yüksək qiymətləndiririk".

Nazirlik əlavə edib ki, İsrail missiyaları dünyanın hər yerində saysız-hesabsız təhdidlərə və terror hücumlarına məruz qalıb: "Terror bizi dayandıra bilməyəcək".

Qeyd edək ki, bu gün üç silahlı şəxs İstanbulda İsrail Konsulluğunun yaxınlığında - Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polislərə atəş açıb.

Hadisə nəticəsində iki polis əməkdaşı yüngül xəsarət alıb, silahlılardan biri öldürülüb, ikisi isə yaralı ələ keçirilib.

Konsulluğun fəaliyyət göstərmədiyi və binada diplomatik nümayəndəliyin hər hansı əməkdaşının olmadığı bildirilir.