BAKI, 7 aprel. TELEQRAF
İran hakimiyyəti Parisin Tehrana qarşı işini Beynəlxalq Ədalət Məhkəməsindən geri götürməsinə cavab olaraq, 2022-ci ildə casusluq şübhəsi ilə saxlanılan iki Fransa vətəndaşı - Sesil Koler və Jak Parisi azadlığa buraxıb.
Teleqraf xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Fransa hakimiyyəti həmçinin 2025-ci ildə terrorizmi dəstəkləməkdə ittiham olunaraq saxlanılan Lümyer Lion Universitetinin professoru, iranlı tərcüməçi Mahdieh Esfandiarini də azadlığa buraxıb.
Fransa Prezidenti Emmanuel Makron İranda üç il yarım həbsdə qaldıqdan sonra iki Fransa vətəndaşının azadlığa buraxıldığını təsdiqləyib.
"Sesil Koller və Jak Paris İranda üç il yarım həbsxanada qaldıqdan sonra azadlığa çıxıblar və Fransaya qayıdırlar. Bu, hamımız və əlbəttə ki, onların ailələri üçün bir təsəllidir."
Makron X sosial şəbəkəsində yazıb: "Oman hakimiyyətinə vasitəçilik səylərinə, yorulmadan səfərbər olan və beləliklə, onların qayıtmasını təmin edən dövlət xidmətlərinə və vətəndaşlara təşəkkür edirəm".
Koller və Paris 2022-ci ilin may ayında İranda həbs olunublar. İslam Respublikasının Kəşfiyyat Nazirliyi onları müəllimlərin əmək haqqının artırılması tələbi ilə keçirilən etiraz aksiyaları zamanı iğtişaşlar təşkil etməyə cəhddə ittiham edib. Daha sonra Fransa konsulluq müdafiəsini təmin etmədiyi iddiası ilə İrana qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.