BAKI, 7 aprel. TELEQRAF
İran hesab edir ki, Bab əl-Məndəb boğazının bağlanması ehtimalı və İsfahan yaxınlığında vurulan F-15 təyyarəsinin pilotunun xilasetmə əməliyyatının uğursuzluğu ABŞ-ni Tehranla dialoqa məcbur edən əsas amillərdəndir.
Teleqraf xəbər verir ki, bu fikirləri "Al Mayadeen" telekanalı İran hakimiyyətinin yüksək vəzifəli nümayəndəsinə istinadən yayıb.
Qeyd olunub ki, Qırmızı dənizlə Ərəb dənizini birləşdirən Bab əl-Məndəb boğazının bağlanması ehtimalı Vaşinqton tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Bildirilib ki, xüsusilə regiondakı əməliyyat vəziyyətinin izlənməsindən sonra ABŞ administrasiyası bu riskə ciddi yanaşır.
Məlumata görə, İran tərəfi İsfahan yaxınlığında həyata keçirilən xilasetmə əməliyyatını ABŞ ordusu üçün uğursuz hesab edir və bunun mümkün nəticələrinin Vaşinqtonda nəzərə alındığını iddia edir.
Açıqlamada həmçinin vurğulanıb ki, ABŞ-nin quru əməliyyatlarında effektiv nəticə əldə etmək imkanları məhduddur, dənizdə isə İrana qarşı üstünlük qazanmaq çətin olacaq. İran rəsmisinin fikrincə, Bab əl-Məndəb boğazının bağlanması halında enerji daşıyıcılarının qiymətləri qısa müddətdə ciddi şəkildə arta bilər.