BAKI, 7 aprel. TELEQRAF

Ötən ilin avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan və 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəza zamanı “Mercedes Sprinter” markalı mikroavtobusun sükanı arxasında olan 1989-cu il təvəllüdlü Abbas Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qısa arayış olaraq bildirək ki, hadisə “Mercedes Sprinter”in “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində baş verib.

Araşdırma zamanı bəlli olub ki, mikroavtobus hadisə zamanı ölən Arif Bağırova məxsus olsa da, yolda sükan arxasına Abbas Məmmədov keçib. Onun idarəetməsi ilə “Mercedes Sprinter” Qazax istiqamətində hərəkətdə olan zaman Abbas Məmmədov sükan arxasında yatıb və dəhşətli qəza baş verib.

Qəza zamanı 1992-ci il təvəllüdlü Bayramov Şəadət, Bəsti Nəbiyeva (1975), Aydın Pənahov (1977), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arif həlak olub. Bundan başqa mikroavtobusda olan bir neçə nəfər xəsarət alıb.

Zərərçəkənlərin məhkəmədə verdiyi ifadəyə görə, mikroavtobusun sürücüsü Arif Bağırov icazə vermədiyi halda Abbas təkidlə sürücüyə avtomobili idarə edəcəyini söyləyib. Qəza baş verən zaman isə Abbas qəzanı törədən şəxsin özü olduğunu danıb. O, hər kəsə hadisəni törədənin mikroavtobusun sahibi Arif Bağırov olduğunu bildirib.

Əlavə olaraq, Arif Bağırovun oğlu da məhkəmədə ifadəsində bildirib ki, təqsirləndirilən şəxs ilk dəfə atası ilə köməkçi sürücü kimi yola çıxıb. Abbasın öz, yoxsa atasının istəyinə görə köməkçi sürücü kimi getməsi barədə heç bir məlumatı yoxdur.

Qeyd edək ki, məhkəmədə bir nəfər istisna olmaqla, zərərçəkənlərin hüquqi varisləri Abbas Məmmədovu bağışlamayıb və ona ən ağır cəzanın təyin edilməsini istəyib.