BAKI, 29 mart. TELEQRAF
Meksikadan Kubaya humanitar yardım aparan və bir müddət əlaqəsi kəsilən iki yelkənli katamaran Havanaya çatıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli "Cubadebate" portalı məlumat yayıb.
Məlumata görə, Kubaya humanitar yardım kampaniyası çərçivəsində fəaliyyət göstərən “Bizim Amerika” təşəbbüsünə aid iki yelkənli katamaran martın 28-də Havana limanına daxil olub. Onlar Meksikadan yola düşdükdən sonra bir müddət əlaqəyə çıxmadığı üçün itkin hesab olunurdu.
Bundan əvvəl Meksika Hərbi-Dəniz Qüvvələri katamaranların Karib dənizində aşkar edildiyini bildirmişdi. Humanitar yardım daşıyan iki gəmi martın 20-də Meksikanın İsla Mujeres limanından yola düşmüşdü. Onların Havanaya martın 24 və ya 25-də çatacağı gözlənilsə də, doqquz nəfərdən ibarət ekipaj bir müddət əlaqəyə çıxmamışdı.
Bundan sonra Meksika hərbçiləri aviasiya və gəmilərin cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatına başlamışdı.