Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirə olunmasını təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən Aİ sammitindən sonra mətbuat konfransında bildirib.
Makron qeyd edib ki, bu təşəbbüslə bağlı BMT-nin baş katibi Antonio Quterreşə məlumat verib və xüsusilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin mövqeyini öyrənmək niyyətindədir.
Onun sözlərinə görə, Fransa BMT çərçivəsində Hörmüz boğazı ilə bağlı planların həyata keçirilməsi üçün mexanizmin yaradılması imkanlarını araşdırır.
Fransa Prezidenti əlavə edib ki, bu təşəbbüsü həmkarları ilə bölüşüb və Hindistanın Baş naziri Narendra Modi ilə də müzakirə edib. Makron yaxın günlərdə bu ideyanın reallaşma perspektivlərinin aydınlaşacağını bildirib.