BAKI, 19 mart. TELEQRAF
Böyük Britaniyanın ən iri banklarından biri olan HSBC yaxın illərdə süni intellekt texnologiyalarının tətbiqi nəticəsində təxminən 20 min iş yerini ixtisar etməyi nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bank rəhbərliyi qarşıdakı illərdə genişmiqyaslı ixtisarlar planını müzakirə edir. Bu ixtisarların əsasən qlobal xidmət mərkəzlərində müştərilərlə birbaşa işləməyən vəzifələri əhatə edəcəyi gözlənilir. İşdən çıxarmalar həmçinin bəzi bölmələrin satışı və digərlərinin birləşdirilməsi prosesində də baş verə bilər. Hazırda HSBC-də təxminən 210 min nəfər çalışır.
Bankın maliyyə direktoru Pam Kaur daha əvvəl bildirib ki, süni intellekt texnologiyaları xərclərin azaldılması və əmək məhsuldarlığının artırılması üçün istifadə oluna bilər. Şirkət bu texnologiyaları müştəri xidmətləri mərkəzlərində, şəxsiyyətin yoxlanılması və əməliyyatların monitorinqi proseslərində tətbiq etməyi planlaşdırır.