BAKI, 19 mart. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaxın Şərq regionunda təhlükəsizlik və sabitliyin dəstəklənməsi yollarının müzakirəsi məqsədilə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən nazirlərin məsləhətləşmə xarakterli görüşündə iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Müzakirələr zamanı nazir fevralın 28-dən etibarən regionda yaranmış ciddi böhranın aradan qaldırılmasının təcili olduğunu vurğulayıb. Qeyd edilib ki, eskalasiyanın nəticələri yalnız ayrı-ayrı ölkələrlə məhdudlaşmır, daha geniş regional və qlobal risklər yaradaraq mülki şəxslərin həyatını və kritik infrastrukturu təhlükə altına qoyur.
C. Bayramov iştirakçılara martın 5-də İran ərazisindən Azərbaycanın Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları (PUA) hücumları barədə ətraflı məlumat verib. Bildirilib ki, hücum nəticəsində 4 mülki şəxs xəsarət alıb, Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla mühüm infrastruktura ciddi ziyan dəyib. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün legitim vasitələrlə operativ və qətiyyətli şəkildə cavab verib. Nazir İran tərəfinin hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacağına dair verdiyi təminatların yerinə yetiriləcəyinə və bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirib.
Eyni zamanda, Ceyhun Bayramov yaranmış müharibə şəraitindən sonra Azərbaycanın atdığı humanitar addımlar barədə danışıb. Qeyd olunub ki, martın 18-də Novruz və Ramazan bayramları ərəfəsində İrana növbəti humanitar yardım göndərilib. Həmçinin, Azərbaycan ərazisindən üçüncü ölkələrin yardımlarının çatdırılmasına və mülki şəxslərin təxliyəsinə lazımi şərait yaradılıb.
Vurğulanıb ki, münaqişə coğrafiyasının genişlənməsi olduqca təhlükəlidir və dərhal dayandırılmalıdır. Regional dövlətlərin hədəfə alınması parçalanmanı dərinləşdirir və uzunmüddətli sabitliyi sarsıdır. Bu kontekstdə region ölkələrinin sülh və təhlükəsizliyin təmin olunmasında məsuliyyət və sahiblik prinsipinin əhəmiyyəti xüsusi qeyd edilib.
Sonda nazir beynəlxalq hüququn əsas prinsiplərinə – suverenliyə, ərazi bütövlüyünə hörmət, gücdən istifadə etməmək və daxili işlərə qarışmamaq kimi prinsiplərə ciddi riayət olunmasının regionda dayanıqlı sülhə aparan yeganə yol olduğunu diqqətə çatdırıb.
***
07:08
Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Yaxın Şərq regionunun təhlükəsizliyi və sabitliyinin dəstəklənməsi yolları ilə bağlı məsləhətləşmələr və koordinasiya məqsədilə keçirilən görüşdə iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.