BAKI, 7 mart. TELEQRAF
ABŞ Şri-Lanka hökumətinə batırılan İran hərbi gəmisinin sağ qalan ekipaj üzvlərini İrana qaytarmamağı tövsiyə edir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Dövlət Departamentinin daxili sənədinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi dəniz qüvvələrinə məxsus sualtı qayıq Hind okeanında, Şri-Lankanın cənubundakı Qalle limanı yaxınlığında İranın IRIS Dena hərbi gəmisini torpedo ilə vuraraq batırıb. Hadisə nəticəsində onlarla iranlı dənizçi həlak olub.
Bundan sonra Şri-Lanka daha bir İran gəmisinin IRIS Booshehr yardımçı hərbi gəmisinin 208 nəfərlik ekipajını ölkə ərazisində qəbul edib.
"Reuters"in əldə etdiyi ABŞ Dövlət Departamentinin daxili məktubunda bildirilir ki, Kolombodakı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Ceyn Hovell Şri-Lanka hakimiyyətinə həm IRIS Booshehr gəmisinin ekipajının, həm də IRIS Dena gəmisindən xilas edilən 32 nəfərin İrana qaytarılmamasının vacibliyini vurğulayıb.
Sənəddə həmçinin qeyd olunub ki, Şri-Lanka hakimiyyəti saxlanılan şəxslərdən İranın təbliğat məqsədilə istifadə etməsinin qarşısını almağa çalışmalıdır.
Şri-Lanka rəsmiləri isə bildiriblər ki, ölkə humanitar səbəblərə görə iranlı dənizçiləri qəbul edib. Hazırda IRIS Booshehr gəmisinin ekipajının əksəriyyəti Kolombo yaxınlığındakı hərbi bazaya yerləşdirilir.