BAKI, 22 aprel. TELEQRAF
Ermənistan işğal dövründə ərazilərimizdə yüzlərlə tarixi-dini abidələri məqsədyönlü şəkildə dağıdıb. Xüsusilə İrəvan və digər bölgələrdə Azərbaycanın tarixi-dini irsini tamamilə silib. Beləki, İrəvanda Şah Abbas, Sərdar, Hacı Novruzəli, Göy məscidləri və digər XVI–XVIII əsr abidələri dağıdılıb və ya “fars” və ya “türkmen” kimi saxta şəkildə təqdim edilib. Yalnız “Göy məscid” qalıb, o da orijinal görünüşü dəyişdirilərək muzeyə çevrilib.
Mirasın məqsədyönlü şəkildə məhv etmə siyasəti həm Azərbaycan mədəniyyətinə, həm də dünya sivilizasiyasına bərpa olmayan bir zərbə vurub. Ermənistanın bu siyasəti Şuşa və Qarabağın digər ərazilərinin mədəni görkəmini dəyişdirmək, abidələri məhv etmək, memarlıq xüsusiyyətlərini dəyişmək və “arxeoloji” qazıntılar aparmaqla onların Azərbaycan mənşəli olduğunu göstərən əlamətlərini aradan qaldırmağa hədəflənmişdi.
Deputat Ceyhun Məmmədov Teleqraf-a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycan xalqının tarixi izini silmək, ərazi iddialarını “tarixi əsaslandırmaq” və mədəni təmizləmə aparmağı yalnız fiziki dağıntı deyil, həm də mənəvi təhqir və yaddaşın məhv edilməsi kimi başa düşülməlidir.
O vurğulayıb ki, işğal dövründə Ermənistan Azərbaycanın tarixi, dini abidələrinə qarşı böyük bir vandalizm aktları törədib, məscidlərimiz dağıdılıb.
“Təəssüflə qeyd etmək lazımdır ki, məscidlərimizdə donuz, inək saxlanılıb. Təbii ki, bunların heç biri təsadüfi deyil. Burada əsas məqsəd Azərbaycan xalqının dini inancına, heysiyyətinə toxunmaqdır. Hamımız o ərazilərə gedəndə görürük ki, hər kənddə və ya şəhərdə heyvan saxlamağa yer var. Amma ermənilər məhz məsciddə heyvan saxlayıblar. Bu onu göstərir ki, proses daha çox məqsədli edilib. Burada məqsəd azərbaycanlılara qarşı vəhşilik törətmək, onların dininə toxunmaq və bu formada qisas almaq olub. Ermənistan tərəfi bunu din pərdəsi altında etmək istəyirdi”, - o bildirib.

Ermənilər məscidlərimizdə heyvan saxlamaqla Azərbaycan xalqını təhqir etmək istəyib
Deputatın sözlərinə görə, Azərbaycan bu prosesdə öz mövqeyini ortaya qoydu:
“Hesab edirəm ki, artıq Ermənistan ifşa olunub. Bütün dünya bilir ki, Ermənistan müsəlman məscidlərində donuz və digər heyvanlar saxlayaraq Azərbaycan xalqını təhqir etmək istəyib.
Bu gün Azərbaycan xalqı torpaqlarını azad edib. Həmin ərazilərdə böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Bu da Cənab Prezident İlham Əıiyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan xalqının əldə etdiyi tarixi nailiyyət kimi qiymətləndirilməlidir”.
Vandalizm xristian abidələrindən də yan keçməyib
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə 2645 tarixi və mədəniyyət abidələrimiz ermənilər tərəfindən dağıdılıb, vandalizmə məruz qalıb.
“Bu abidələrdən 1814-ü memarlıq, 749-u arxeoloji abidədir. 62-si isə monumental heykəltəraşlıq nümunələridir. Bunların da içərisində 72 məscid mövcuddur. Onlardan da Şuşada 1, Laçında 1, Ağdamda 1 abidənin barmaqla sayılacaq bünövrələri qalıb, dağıdılmış və istifadəsiz vəziyyətdədirlər”, - o vurğulayıb.
Onun sözlərinə görə, abidələrin erməni vandalizminə uğradılması xristian abidələrindən də yan keçməyib:
“Belə ki, ərazilərimizdə olan Qafqaz Albaniyası dövrü abidələrinə də zərər dəyib. Kəlbəcər rayonu ərazisindəki Xudavəng monastırı, Gəncəsər monastırı, Laçın ərazisindəki Ağaoğlan monastırı kifayət qədər dəyişikliklərə uğrayıb. Onların yazıları silinib, bir çox xaç nişanları dəyişdirilib. Xudavəng monastırında 4 kilsənin ümumi xarici dizaynı dəyişdirilib başqa formaya salınıb. Gəncəsər monastırında ətraf divarlar tamamilə mərmərlə hörülüb. Bu, qətiyyən yolverilməzdir”.

F.İsmayılov vurğulayıb ki, biz çox sayda yaşayış evləri, qalalar, türbələr, qəbirüstü abidələr itirmişik:
“Çünki onlar ermənilər tərəfindən dağıdılıb, istifadəsiz hala gətirilib. Bu abidələr insanların mənəvi ehtiyaclarını ödəyir, xalqımızın inanc yeridir. Onların bu hala salınması insanlarda ciddi psixoloji sarsıntılar yaradır.
Laçın rayonu Cicimli kəndində xristian dövrü abidəsi Kar Kümbəz ilə İslam dövrü abidəsi Məlik Əjdər abidəsi yanaşı qoyulub. Dünyanın heç bir ölkəsində xristian dövrü abidəsi ilə İslam dövrü abidəsi yanaşı qoyulmayıb. Bu da bizim multikultural ənənələrimizin əcdadlarımızdan gəldiyini sübut edir”.
Ermənilər Konvensiyanı da ayaqlar altına alıblar
O, məscidlərdə heyvan saxlanılmasının ermənilərin vəhşi dünya görüşünün nəticəsi olduğunu deyib:
“Ən yadda qalan hadisə Ağdam Cümə məscidində heyvanların saxlanılması idi. Amma Laçında Cicimli kəndindəki məsciddə, həmçinin Qubadlıdakı məscidlərdə də heyvanlar saxlanılıb.
Xocavənd rayonunda olan alban dövrünə aid bir məbəddə də ermənilər heyvan saxlayıblar. Onun sırf ermənilərə məxsus olmamasına görə belə vəhşi davranış sərgiləyiblər.
Bütün bunlar onların vəhşi obrazını göstərir. Dünyada heç bir xalq, millət başqa bir millətin inanc yerinə, məscidinə, kilsəsinə toxunmur. Ona etiqad etməsələr belə, toxunulmaz olaraq saxlayırlar.
1954-cü il Haaqa Konvensiyasına görə, bir dövlət digər dövlətin ərazisini işğal edibsə belə, oradakı tarix və mədəniyyət abidələrinin formasının dəyişdirilməsi, dağıdılması qeyri-qanuni sayılır və bu, yolverilməzdir. Görünür ki, ermənilər etdikləri əməllərlə bu konvensiyanı da ayaqlar altına alıblar", - o qeyd edib.

.jpg)
.jpg)