BAKI, 7 mart. TELEQRAF
ABŞ-nin müdafiə naziri Pit Hegset Rusiya ilə İran arasında mümkün kəşfiyyat məlumatı mübadiləsi ilə bağlı iddiaların onu narahat etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, "CBS News" telekanalına müsahibəsində danışıb.
Hegsetdən "The Washington Post" qəzetində dərc olunan və Rusiyanın İranla kəşfiyyat məlumatları mübadiləsi aparması ilə bağlı iddialara münasibət bildirməsi xahiş olunub. Jurnalistlər həmçinin bunun ABŞ Silahlı Qüvvələri üçün əlavə təhlükə yaradıb-yaratmayacağını soruşublar.
“Bizi heç kim təhlükəyə atmır. Təhlükəyə salan bizik. Bu bizim işimizin mahiyyətidir. Ona görə də bu məsələ bizi narahat etmir. Lazım gəldikdə riskləri minimuma endiririk. Komandanlarımız bütün bunları nəzərə alırlar. Amma hazırda narahat olmalı olan yeganə tərəf iranlılardır”, - deyə Pentaqon rəhbəri bildirib.