BAKI, 5 mart. TELEQRAF
Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyi kürd birləşmələrinin İrana qarşı quru əməliyyatına başladığı barədə yayılan məlumatları qəti şəkildə təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə İraq Kürdüstanının Baş nazirinin aparat rəhbərinin müavini Əziz Əhməd rəsmi bəyanatla çıxış edib.
O, bəzi media resurslarında və beynəlxalq portallarda yer alan iddiaların həqiqəti əks etdirmədiyini bildirib: "Hücum çərçivəsində bircə nəfər də olsun kürdün İran sərhədini keçməsi faktı yoxdur. Bununla bağlı yayılan bütün iddialar tamamilə əsassızdır".
***
09:55
Kürd birləşmələri İsrailin "Mossad" kəşfiyyat xidməti və ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə İrana qarşı hərbi əməliyyat keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, İran kürdlərindən ibarət bu birləşmələr İsrailin kəşfiyyat xidməti "Mossad" və ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ciddi dəstək alırlar. Qeyd olunur ki, hazırda İraq-İran sərhədi boyunca cəmləşən bu qüvvələrin sayı minlərlə əsgərdən ibarətdir.
"Əməliyyatın əsas məqsədi İran ərazisinin bir hissəsini ələ keçirməklə Tehrandakı mərkəzi hakimiyyətə meydan oxumaq və ölkə daxilində "daha genişmiqyaslı üsyan" başlatmaqdır. İsrail tərəfi kürd birləşmələrinə təkcə hərbi sahədə deyil, həm də siyasi sahədə vədlər verib. İranda hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə, gələcəkdə ölkə ərazisində avtonom kürd regionunun yaradılmasına siyasi dəstək göstəriləcəyi bildirilir",- məlumatda qeyd edilib.