BAKI, 4 mart. TELEQRAF

İrandan atılan İraq və Suriya hava məkanından keçib Hatay istiqamətindən Türkiyənin hava sahəsinə yönələn raket NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran məsələ ilə bağlı paylaşım edib.

Qeyd olunub ki, hadisə nəticəsində hər hansı can itkisi və ya xəsarət qeydə alınmayıb:

"Ərazilərimizi və hava məkanımızı müdafiə etmək üçün tərəddüd etmədən bütün lazımi addımlar atılacaq. Qarşılaşacağımız hər hansı düşmənçilik hərəkətinə beynəlxalq hüquq çərçivəsində lazımi cavab veriləcək. Bu proses boyunca NATO və müttəfiqlərimizlə məsləhətləşmələr və əməkdaşlıq davam edəcək. Bütün tərəflərə bölgədə gərginliyi artıra və münaqişələrin daha geniş əraziyə yayılmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmək barədə xəbərdarlıq edirik. Bütün tərəflərin məsuliyyətlə hərəkət etməsi son dərəcə vacibdir".

B.Duran vurğulayıb ki, Türkiyə bölgədəki gərginliyi azaltmaq və problemləri sülh yolu ilə həll etmək üçün öz məsuliyyətini konstruktiv şəkildə yerinə yetirməyə davam edəcək:

"Xüsusilə media qurumlarımızdan və sosial media istifadəçilərimizdən bu prosesdə daha həssas davranmalarını; panikaya səbəb ola biləcək və dezinformasiya ehtiva edən təsdiqlənməmiş xəbərlərə və paylaşımlara etibar etməmələrini xahiş edirik. Rəsmi orqanlarımız tərəfindən verilən məlumatlardan başqa xəbərlərə və paylaşımlara qarşı ehtiyatlı olmaq vacibdir", - B.Duran vurğulayıb.